Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayı haqqında:
16-09-2016, 11:18 | 43819 dəfə oxunub
SSRİ DİN-nin 26 dekabr 1956-cı il tarixli 00393 saylı əmri ilə Azərbaycan Respublikasının DİN-nin İslah Əmək müəssisələri İdarəsinin IV dərəcəli hərbiləşdirilmiş atıcı mühafizə bazası əsasında Bakı şəhərində SSRİ DİN-nin konvoy mühafizəsinin 160-cı əlahiddə dəstəsi yaradılmış və ona SSRİ DİN-nin 6500 saylı hərbi hissəsi şərti adı verilmişdir. Hərbi hissə Azərbaycan Respublikasının DİN-nin islah-əmək müəssisələri idarəsinin rəisinə və SSRİ DİN-nin azadlıqdan məhrumetmə yerləri Baş İdarəsinin konvoy mühafizəsinin şöbə rəisinə tabe edilmişdir.
26 noyabr 1968-ci ildə SSRİ DİN-nin Daxili Qoşunlarında struktur dəyişikləri ilə əlaqədar Konvoy mühafizəsini 160-cı əlahiddə dəstəsi SSRİ DİN-nin Daxili qoşunlarının 69-cu diviziyasının 454-cü konvoy alayı adlandırılaraq 6500 saylı hərbi hissə şərti adı saxlanılmış və Daxili Qoşunların Baş İdarəsinə tabe edilmişdir.
Mühafizə alayı yarandığı gündən həmişə mühüm dövlət tapşırıqlarını layiqincə yerinə yetirmiş, daim SSRİ DİN-nin Daxili Qoşunlarının hərbi hissələri arasında ön sıralarda olmuşdur. Alay dəfələrlə DİN-nin kecici bayrağı ilə mükafatlandırılmış, şəxsi heyət müxtəlif Dövlət mükafatları ilə təltif edilmişdir.
Azərbaycan Dövləti müstəqillik qazandıqdan sonra 09 yanvar 1993-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 6500 saylı hərbi hissə öz xidmət yönününü saxlamaqla Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin sərəncamına keçirilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayı kimi döyüş xidməti fəaliyyətini davam etdirir.
Artıq 20 ildir ki, Azərbaycan müstəqil dövlətdir. İnamla demək olar ki,ötən dövr ərzində ordu quruculuğu istiqamətində qazanılan nailiyyətlərdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayının şəxsi heyətinin də özünə məxsus payı var. SSRİ-nin süqutundan sonra Alayın şəxsi heyəti əsl vətənpərvərlik nümunəsi göstərmiş, xidməti vəzifə borclarına vicdanla yanaşmış, tarixin ağır sınaqlarından alnıaçıq-üzüağ çıxaraq, mühüm tarixi vəzifələrinin öhdəsindən ləyaqətlə gələ bilmişlər.
Bu illərdə Mühafizə alayının şəxsi heyəti CÇM-nin etibarlı mühafizəsini təmin edərək ağır cinayət törətmiş məhkumların qaçmasına yol verməmiş, onsuz da ağır olan mövcud ictimai-siyasi mühütün daha da kəskinləşməsinə yol verilməməsində iştirak etmişdir. Bu illərdə Mühafizə alayı öz qarşısında duran Dövlət tapşırığını yerinə yetirməklə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Mühafizə alayının şəxsi heyəti Azərbaycan Respublikasının Daxili Qoşunlarının tərkibində döyüşlərdə nizami ordu şəklində iştirak edən ilk hərbi hissələrdən biri olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümunələri göstərdiklərinə görə alayın üç zabiti və iki əsgəri Respublika Prezidentinin fərmanı ilə Vətənin ən yüksək mükafatına – «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» fəxri adına layiq görülmüsdür. 26 nəfər əməkdaş və əsgər isə şəhidlik zirvəsinə ucalmışlar. Onların əziz xatirələri və müqqədəs adları Mühafizə alayının şəxsi heyəti tərəfindən həmişə ehtiramla yad edilir və ediləcəkdir.
Polkovnik-leytenant Şirin Mirzəyev, baş leytenant Elşad Yəhyayev,baş leytenant Fəxrəddin Nəcəfov, baş çavuş İqor Makeyev, sıravi Səxavət Məhərrəmov öz canlarını doğma Vətən uğrunda qurban verərək, özlərindən sonra gələn nəsillərə böyük bir qəhramanlıq məktəbi qoyub getmişlər.
1999-cu ildə məlum Qobustan hadisələrində Mühafizə alayının şəxsi heyəti dövlətimizə və dövlətçiliyimizə sadiqliyini bir daha sübut etdi. Ümumili liderimiz Heydər Əliyevin Fərmanı ilə kapitan Rövşən Rzayev (ölümündən sonra) və baş gizir Mixail Slesaryov «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» adına layiq görülmüşlər. Həmin hadisələrdə göstərdikləri şücaətə görə 1 nəfər «Azərbaycan bayrağı» ordeni, 6 nəfər «İgidliyə görə» medalı ilə, 4 nəfər zabit «Hərbi xidmətlərinə görə» medalı ilə, 1 nəfər zabit isə «Dövlət qulluğunda fərqləndiyinə görə» medalı ilə təltif olunmuşlar. Ümummilikdə Mühafizə alayının 38 nəfər hərbi qulluqçusu Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə fəxri adlara və müxtəlif Dövlət Mükafatlarına layiq görülmüşlər.
Mühafizə alayının əsas vəzifəsi cəzaçəkmə müəssisələrinin mühafizəsi və müdafiəsi üçün xidməti döyüş tapışırqlarını yerinə yetirməkdir. Fövqəladə şərait zamanı, məhkumun qaçışı, kütləvi iğtişaşlar, kütləvi tabesizlik və digər hallarda döyüş hesabatına əsasən düzgün şəkildə hərəkət etməyi təmin etməkdir. Alayın şəxsi heyəti bu günki gün bu vəzifələrin öhdəsindən layiqinjə gəlir.
Həmçinin 2011-ci ildə Alayın əməkdaşları ədliyyə mayoru Elman Qazıbəyov, ədliyyə mayoru Hüseynov Ceyhun, ədliyyə baş leytenantı Quliyev Bəxtiyar, ədliyyə baş leytenantı Cavadov Vüsal öz xidməti vəzifə borclarını layiqincə yerinə yetirməklə yanaşı Dünya çempionatlarında müxtəlif idman növlərində iştirak edərək Azərbaycanımızın Dövlət rəngli bayrağını yüksəkliklərə ucaltmış və Dövlət himnini səsləndirmişlər.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının ordu quruculuğunda həyata keçirdikləri islahatlar Mühafizə alayında öz əksini tapır. Şəxsi heyətin məişət şəraitləri, ərzaq təminatı, əşya təhcizatı, Alayın avtomobil parkının yeniləşməsi, keşikçilərin post geyimləri ilə təmini, yeni silahların və xüsusi avadanlıqların alınması ötən illərlə müqayisədə xeyli yaxşılaşdırılmısdır.
Şəxsi heyət normaya uyğun geyim formaları ilə tam təmin olunmuşdur. Həmçinin döyüş xidmətini yüksək səviyyədə saxlanılması məqsədi ilə CÇM-in Daxili və xarici nəzarət iz zolaqlarında müasir mühəndis texniki mühafizə vasitələri və müşahidə kameraları quraşdırılmışdır. Bütün bunlar döyüş xidmətini yüksək səviyyədə təşkili və aparılması üçün zəmin yaradır.
Mühafizə alayının şəxsi heyəti bundan sonra da,Alayın ənənələrinə sadiq qalacaq, Dövlətimizin möhkəmləndirilməsində və çiçəkləndirilməsində daha fəal iştirak edəcək, Ali Baş komandanın əmri ilə hər an döyüşə hazır olacaq, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsini tam şəkildə təmin edəcəkdir.