Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 10.2-ci bəndinin icrası ilə bağlı hesabat
Etik davranış məsələləri ilə bağlı qeyd olunur ki, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» qanunların müddəalarına müvafiq olaraq hazırlanmış «Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları» Ədliyyə Nazirliyi üzrə 29.11.2007-ci il tarixli əmrlə təsdiq edilmiş, 28.12.2010-cu il tarixdə Qaydalara əlavə və dəyişikliklər edilmişdir. Həmin qaydaların ədliyyə işçiləri tərəfindən öyrənilməsi məqsədilə sənədlə bağlı kitabça və plakatlar ədliyyə orqanlarının bütün qurumlarında yayılmış, məsələyə dair seminarlar keçirilmiş, Ədliyyə Akademiyasında təşkil edilən ixtisasartırma və icbari təlim kurslarının tədris proqramlarına müvafiq mövzular daxil olunmaqla onun təbliği təmin edilmişdir. Eyni zamanda Ədliyyə Nazirliyinin rəsmi internet saytında (www.justice.gov.az) «Etik davranış» adlı xüsusi bölmə yaradılmış, həmin bölmədə «Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları» və digər aidiyyəti qanunvericilik aktları yerləşdirilmişdir. Ədliyyə orqanlarında etik davranış qaydalarına riayət olunması vəziyyəti müntəzəm təhlil edilir və bunun əsasında sənədin daha da təkmilləşdirilməsi ilə bağlı konkret təkliflər hazırlanır. Bununla yanaşı ekspert rəylərinin keyfiyyətinin qiymətləndirilməsi, o cümlədən onlara dair ictimaiyyətin təklif və rəylərinin öyrənilməsi məqsədi ilə nazirliyin Məhkəmə ekspertizası mərkəzinin internet saytında (www.expert.gov.az) özündə səsvermək imkanları ehtiva edən "İNAM" adlı xüsusi bölmə yaradılmışdır. Ədliyyə orqanlarında və müvafiq məhkəmələrdə icra və əmək intizamına, etik davranış qaydalarına riayət olunması vəziyyətinin yoxlanılması və korrupsiya durumu üzrə ictimai rəyin mütəmadi öyrənilməsi üçün Ədliyyə Nazirliyində 2011-ci ilin əvvəlindən daimi fəaliyyət göstərən monitorinq qrupunun 2013-cü ildə tərkibi genişləndirilmiş, əlavə vəzifələr müəyyən edilmiş, bununla bağlı xüsusi əmr imzalanmışdır. Belə ki, qrupa vətəndaş cəmiyyəti institutları, xüsusilə insan hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində monitorinqlərin həyata keçirilməsi, qrupun işinə regional ədliyyə şöbələrinin cəlb edilməsi, yerli ədliyyə qurumlarının fəaliyyətinə dair ictimai rəyin öyrənilməsi çərçivəsində sosioloji sorğuların və ictimai müzakirələrin keçirilməsi və digər ciddi tədbirlərin görülməsi tapşırılmışdır. Hesabat dövründə Ədliyyə Akademiyasında "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət" və "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları" adlı mövzular ixtisasartırma və icbari təlim kurslarında 261 nəfərə tədris olunmuşdur. Eyni zamanda 2013-cü ildə "Hakimlərin etik davranış Kodeksi"nin tədrisi də diqqət mərkəzində saxlanılmış və bununla bağlı onların ilkin (76 hakimliyə namizəd) və davamlı tədrisində (20 hakim) xüsusi mövzular üzrə təlimlər keçirilmişdir. Hesabat ilində ədliyyə orqanları üzrə intizam məsuliyyətinə cəlb edilmiş 324 işçidən 80 nəfəri (24,7 %) bilavasitə "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları"nın (o cümlədən 1 nəfər dövlət notariusu «Notariusun etik davranış Kodeksi"nin) tələblərini pozduqlarına görə cəzalandırılmışdır. Həmin işçilərdən 1 nəfəri tutduğu vəzifədən azad olunmuş, 9-u ədliyyə orqanlarından xaric edilmiş, o cümlədən 1-i (İsmayıllı rayon icra qrupunun icra məmuru Anar Əliyev) barəsində materiallar hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir. «Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları»nın geniş təlimi və tədrisi, onun tələblərinə riayət olunması üzrə müvafiq tədbirlər davam etdirilir.
Korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Beynəlxalq Antikorrupsiya orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədovun çıxışı
Hörmətli konfrans iştirakçıları ! Xanımlar və cənablar!
Korrupsiya ilə mübarizə üzrə təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfransı açıq elan edir və bütün tədbir iştirakçılarını salamlayıram. Konfransda iştirak üçün dəvətimizi qəbul etdiklərinə görə Çin, İndoneziya, Ukrayna və Uqandanın prokurorluq orqanlarının rəhbərlərinə, Böyük Britaniya, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçılarına, habelə Yaponiya, İtaliya, Rumıniya, Argentina və Cənubi Afrikadan olan qonaqlarımıza dərin minnətdarlığımı bildirirəm. Həmçinin, tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri, Baş prokuror yanında antikorrupsiya idarəsinin, ədliyyə, daxili işlər orqanlarının əməkdaşları, habelə millət vəkilləri və hakimlər, BMT-nin, Avropa Şurasının, ATƏT-in, Dünya Bankının, USAID-in və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Əminəm ki, korrupsiyaya qarşı mübarizə üzrə aparılacaq bugünki təcrübə mübadiləsi və müzakirələr bu sosial bəla ilə daha effektiv mübarizə üçün zəmin yaradacaq, yeni prioritetlərin müəyyən olunmasına imkan verəcəkdir. Hörmətli tədbir iştirakçıları! Azərbaycan iqisadi inkişaf sürətinə görə lider ölkələr sırasındadır. İqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə isə korrupsiyanın yayılması üçün daha əlverişli şərait olur. Bu baxımdan mütəşəkkil cinayətkarlığın bu təhlükəli növü ilə mübarizə üzrə ölkəmizdə kompleks tədbirlər görülür. Belə ki, Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" xüsusi qanun qəbul edilmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə" Fərman imzalanmış, 2004-2006-cı illəri əhatə edən müvafiq Dövlət Proqramı müvəffəqiyyətlə icra olunmuş, ötən il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya təsdiq olunmuşdur. Eyni zamanda, hakimiyyətin hər üç qolunun nümayəndələrindən ibarət olan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılaraq səmərəli fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının mühüm rolu vardır. Hazırda Azərbaycanda 2300-dən çox qeyri-hökumət təşkilatı, 3600-ə yaxın mətbu nəşr qeydə alınmışdır. Qeyri-hökumət təşkilatlarının inkişafına, onların dövlət və cəmiyyət üçün aktual problemlərin həllinə cəlb olunmasına xüsusi diqqət yetirilərək ötən il ölkə Prezidenti tərəfindən bu təsisatlara dövlət dəstəyi konsepsiyası təsdiq edilmiş, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən "Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın təşviq edilməsi" üzrə qeyri-hökumət təşkilatları üçün qrant proqramı həyata keçirilməyə başlanmışdır. Ölkədə korrupsiya ilə mübarizənin təsirli vasitələrindən biri də mükəmməl və səmərəli məhkəmə sisteminin mövcud olmasıdır. Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Tarix üçün çox qısa müddət ərzində milli qanunvericiliyimiz tamamilə yeniləşmiş, əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və üçpilləli məhkəmə sistemi yaradılmışdır. Əlbəttə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və korrupsiyanın qarşısının alınması hakimlərin seçilməsi, təyinatı və onların maddi təminatının yaxşılaşdırılmasından çox dərəcədə asılıdır. Bu sahədə Azərbaycanda təkcə son illər ərzində həyata keçirilən bəzi tədbirləri vurğulamaq istərdim. Belə ki, aparılmış islahatlar nəticəsində yeni müstəqil təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılmış, onun tərkibi əsasən hakimlərdən, habelə ölkə Prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılmış, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyətini tənzimləyən digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Həmçinin, hakimlərin seçilməsinin tam yeni, ən şəffaf mütərəqqi qaydaları müəyyən edilmişdir. Müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilən çoxsaylı imtahan və müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurslardan ibarət olan bu seçim prosedurunun hər bir mərhələsi 10-larla yerli və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən müşahidə edilmişdir. Qeyd etmək istərdim ki, bütün müşahidəçilər hakimlərin seçilməsinin şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, xarici dövlətlərin təmsilçiləri bü prosesin öz ölkələrində də təşkilini arzu etdiklərini bildirmişlər. Yeni qanunvericiliyə əsasən Azərbaycanda ilk dəfə olaraq hakimlərin son yaş həddinə - 65 yaşadək təyinatı təsbit olunmuşdur. Korrupsiyanın qarşısının alınmasında mühüm amil olan hakimlərin maddi təminatının yaxşılaşdırılması da Azərbaycan dövləti tərəfindən diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 25 dəfə artırılmış, hakimlərin iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün 10-larla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir. Korrupsiya ümumbəşəri sosial bəladır və ona qarşı mübarizə yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində daha effektiv ola bilər. Bununla əlaqədar Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmiş, habelə Azərbaycan hökuməti, USAİD və Avropa Şurası arasında "Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək" layihəsinə dair anlaşma memerandumu imzalanmışdır. Həmçinin, Azərbaycan Çin Hökumətinin təşəbbüsü və BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuşdur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Korrupsiyaya qarşı BMT Konvensiyasının milli qanunvericilikdə implementasiyasına, dünyanın bütün antikorrupsiya orqanları arasında səmərəli əməkdaşlığa yardım göstərən və artıq 140 ölkəni əhatə edən bu Assosiasiyanın İcraiyyə Komitəsinin iclası dünən Bakıda keçirilmişdir. Sonda Konfransın işinə uğurlar arzulayır və ümid edirəm ki, apardığımız müzakirə və fikir mübadiləsi korrupsiya ilə mübarizə və onun qarşısının alınması üzrə ən yaxşı təcrübədən bəhrələnmək üçün dəyərli töhfə olacaqdır.
Bakı, 01 aprel, 2008-ci il
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İkinci illik konfransında çıxışı (İndoneziya, Bali, 22 noyabr, 2007-ci il)
KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ TƏSİRLİ QABAQLAYICI TƏDBİRLƏR: AZƏRBAYCAN TƏCRÜBƏSİ
Hörmətli sədr, Xanımlar və cənablar
Hər şeydən əvvəl, icazə verin, Konfransın yüksək səviyyədə təşkil olunmasına və səmimi qonaqpərvərliyə görə Assosiasiyanın Katibliyinə və İndoneziya Hökumətinə minnətdarlığımı bildirim. Sevindirici haldır ki, gənc təşkilat olmasına baxmayaraq, Assosiasiyanın beynəlxalq imici sürətlə artır və müzakirəyə çıxarılan məsələlər xüsusi əhəmiyyət kəsb edərək, onun məqsəd və vəzifələri ilə sıx şəkildə uzlaşır. Problemin aktuallığı korrupsiyanın vurduğu ziyanı maksimum azaltmaq üçün beynəlxalq birliyin bütün səyləri birləşdirmək niyyətindən irəli gəlir. Bu da təsadüfi deyil. Necə deyərlər, "dünyanın özü qədər qoca" olan korrupsiyanın kökləri minilliklərin dərinliyinə gedib çıxır. Bu bəlanın adı bir çox qədim mənbələrdə, hətta Quranda və digər müqəddəs kitablarda da çəkilir. Korrupsiya təhlükəsinin həddi-hüdudu yoxdur. İnsan fəaliyyətinin bütün sahələrinə təsir edərək korrupsiya siyasi, sosial həyatı pozur, yoxsulluğu dərinləşdirir, yoluna çıxan hər şeyi məhv edib, dağıdır. Bu gün "korrupsiya" sözü demək olar ki, bütün ölkələrin kütləvi informasiya vasitələrində daha çox işlədilən ifadədir. Sürətlə genişlənərək transmilli xarakter aldığına görə, hər yerdə korrupsiya üzrə fəal, praktiki əhəmiyyətli tədqiqatlar aparılır. Korrupsiya ilə mübarizədə təsirli qabaqlayıcı tədbirlərin axtarışına dünya birliyinin artan marağı da məhz bundan irəli gəlir. Təsadüfi deyil ki, BMT-nin Qlobal proqramı, Transparensy İnternational beynəlxalq təşkilatının korrupsiya ilə mübarizə strategiyası, həmçinin bir sıra digər beynəlxalq antikorrupsiya proqramları belə bir tezisi nəzərdə tutur ki, korrupsiyanın profilaktikası onun güc vasitələrinin köməyi ilə müalicəsindən daha təsirli və sərfəlidir. Bu tezisin doğruluğuna əmin olaraq bizdə - Azərbaycanda korrupsiya ilə qabaqlayıcı mübarizəyə yönələn vahid milli proqram işlənib hazırlanmış və həyata keçirilmişdir. Korrupsiya ilə mübarizə üzrə qlobal tədbirlər planının ilkin mərhələsi olan bu proqram nəzərdən keçirilən problemin bütün aspektlərini - siyasi, iqtisadi, təşkilati, hüquqi, əxlaqi və digər məsələləri nəzərdə tutmuşdur. Bu proqram korrupsiya ilə mübarizənin institusional və qanunvericilik bazasının əsasını qoymuş, əhalinin məlumatlandırılmasının yüksəlməsinə kömək etmiş, cəmiyyətin bütün nümayəndələrinin korrupsiyaya qarşı fəal müqavimətini stimullaşdırmış, dövlət qulluqçularının seçimi və vəzifədə irəliləməsinin şəffaf mexanizminin tətbiqini, lazımi davranış standartlarının müəyyən olunmasını təmin etmişdir. Proqramın həyata keçirilməsini əlaqələndirən əsas orqan, tərkibinə hakimiyyətin hər 3 qolunun nümayəndələrinin daxil olduğu Korrupsiya ilə mübarizə komissiyasıdır. Komissiya korrupsiya ilə mübarizə üzrə milli siyasəti işləyib hazırlayan və bütün dövlət orqanlarının, eləcə də bu sahədə digər qurumların fəaliyyətini əlaqələndirən strateji orqandır. Məhz ən yüksək səviyyədə dəqiq tənzimləmə həmin proqramın implementasiyasında səmərəli nəticələrin əldə olunmasına imkan vermişdir. Bir sıra vacib qanunlar, o cümlədən korrupsiya ilə mübarizə haqqında, informasiya əldə etmək haqqında, inzibati icraat haqqında qanunlar qəbul olunmuş, BMT-nin korrupsiyaya qarşı Konvensiyasının tələbləri nəzərə alınmaqla cinayət qanunvericiliyi təkmilləşdirilmiş və digər tədbirlər həyata keçirilmişdir. Bütün bu dəyişikliklər məmurların diskresiyasının azalmasına, onların fəaliyyətində hesabatlığın və şəffaflığın təmin olunmasına yönəlməklə, ictimai funksiyaların yerinə yetirilməsi üzərində vətəndaş nəzarətinə şərait yaratmışdır. Proqramın həyata keçirilməsinin nəticəsi dövlət orqanlarında vəzifəyə, o cümlədən hakimlərin, prokurorların, hüquq-mühafizə orqanları işçilərinin, diplomatların, həmçinin gömrük və vergi məmurlarının şəffaf müsabiqə əsasında təyinatları olmuşdur. Həmçinin, dövlət qulluqçularının etik davranış Qaydaları, hakimlərin, ədliyyə orqanları işçilərinin və digər məmurların etik kodeksləri qəbul olunmuşdur. Həmin davranış qaydaları ümumi xarakterli tələblərin məcmusu olmayaraq, korrupsiyaya qarşı BMT-nin qlobal Proqramında tövsiyə edildiyi kimi, konkret davranış standartlarını nəzərdə tutur və onların pozulmasına görə təsirli hüquqi məsuliyyət tədbirləri müəyyən edilmişdir. Bununla əlaqədar dövlət qulluqçularının ədalətli və kifayət qədər yüksək maddi təminatına xüsusi diqqət yetirilmişdir. Belə ki, son illərdə onların əmək haqqı orta hesabla 10-15 dəfə artmışdır. Onu da nəzərə almaq lazımdır ki, bu tədbirlər ərazimizin 20%-nin qonşu Ermənistan tərəfindən işğal olunması və nəticədə əhalinin səkkizdə bir hissəsinin və ya 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə əlaqədar yaranan sosial-iqtisadi problemlərə baxmayaraq həyata keçirilmişdir. Şəffaflıq məsələləri də daim diqqət mərkəzindədir. Bencamin Franklin demişdir ki, "günəş işığı ən yaxşı dezinfektordur". Bu fikri kimsə "məhz şəffaflıq vaksin kimi bütün cəmiyyəti yoluxduran infeksiyanın qarşısını almağa və onu sağaltmağa imkan verəcək" sözləri ilə davam etdirmişdir. Ölkəmizdə bu yaxınlarda qəbul edilmiş və korrupsiya ilə mübarizədə növbəti mərhələ olan Şəffaflığın artırılması və korrupsiya ilə mübarizə üzrə Milli Strategiya məhz bu ideyaya söykənir. Bu uzunmüddətli sənəd qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin daha sıx əməkdaşlığa cəlb olunması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi üzrə növbəti tədbirləri müəyyən etmiş, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını korrupsiya ilə mübarizədə əsas şərt kimi təsbit etmişdir. Mükəmməl və səmərəli məhkəmə sistemi şübhəsiz ki, korrupsiya qarşısında ən ciddi səddir. Ən qədim zamanlarda meydana gəlmiş ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası indiyə qədər ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. İnsan hüquq və azadlıqlarına dair elə bir milli və ya beynəlxalq akt yoxdur ki, orada məhkəmələrin və hakimlərin müstəqilliyi haqqında normalar, məhkəmələrə maneəsiz müraciət etmək imkanı, ədalət mühakiməsinin müstəqil məhkəmələr tərəfindən ağlabatan müddətlərdə həyata keçirilməsi kimi insan hüquqlarının məhkəmə təminatı nəzərdə tutulmasın. Lakin, aydındır ki, müstəqillik prinsipinin sadəcə bəyan edilməsi azdır. Məhkəmələrin müstəqilliyini və qərəzsizliyini real təmin etmək üçün dövlət tərəfindən təsirli hüquqi mexanizmlər nəzərdə tutulmalıdır. Ədalət mühakiməsinin müstəqilliyinin və hər hansı müdaxilənin yolverilməzliyinin real təminatlarının qanunvericilik qaydasında təsbit edilməsi ilə yanaşı, fikrimizcə, hakimlərin təyinatının şəffaf qaydada həyata keçirilməsi, onların öz vəzifələrini həqiqətən müstəqil və qərəzsiz şəkildə yerinə yetirməsi az əhəmiyyət daşımır. Yeni qaydalara uyğun olaraq vakant hakim vəzifələrinə namizədlərin seçimi məhkəmə hakimiyyətinin kollegial özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılmış Hakimlərin Seçki Komitəsi tərəfindən ən şəffaf və demokratik prosedurlar əsasında müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycanda hakimlər yalnız Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında işə təyin və işdən azad olunurlar. Bununla yanaşı, hakimin tutduğu vəzifədən azad edilməsinin qeyri-mümkünlüyü eləcə də, məhkəmə səlahiyyətinin sərbəst dəyişdirilməsinin qeyri-mümkünlüyü konkret işdə hakimin müstəqilliyini və qərəzsizliyini real təmin edir. Ölkəmizdə hakimlərin dəyişilməzliyinin təmin olunması üçün onların ömürlük təyinatı nəzərdə tutulmuşdur. Müstəqillik baxımından dövlət tərəfindən hakimlərin lazımi maddi təminatı da az əhəmiyyət daşımır. Bunun üçün ölkəmizdə ardıcıl tədbirlər görülür, 2000-ci illə müqayisədə onların əmək haqqı 25 dəfə artmışdır. Eyni zamanda, məhkəmələrin infrastrukturunun, informasiya və digər təminatının yaxşılaşdırılması məqsədilə Dünya Bankı ilə birgə məhkəmə sisteminin müasirləşdirilməsi layihəsi həyata keçirilir. Məhkəmə sistemində aşkarlığa və açıqlığa, ədalət mühakiməsi hüququnun daha geniş təminatına da xüsusi diqqət yetirilir. Bütün bu tədbirlər ictimaiyyətin məhkəmə sisteminə inamının yüksəlməsinə şərait yaratmış və nəticədə məhkəməyə müraciətlərin sayı xeyli artmışdır. Məlumdur ki, ictimai rəyin formalaşmasında vətəndaş cəmiyyəti institutunun və KİV-in rolu böyükdür. Onlar potensial korrupsiyaçılar üçün aşkar edilmək risqini artırır, vətəndaşların korrupsiyaya qarşı dözümsüzlüyünün səviyyəsini yüksəldir, cəmiyyəti korrupsiyaya qarşı mübarizəyə səfərbər edir. Bununla əlaqədar Milli Strategiya vətəndaş cəmiyyəti institutlarını, kütləvi informasiya vasitələrini və özəl bölməni strategiyanın yerinə yetirilməsi üzrə tərəfdaşlar kimi müəyyən etmişdir. Bundan əlavə, əhalinin hüquqi savadının yüksəldilməsi, siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə proqramlara yardım göstərilməsi hazırda ölkəmizdə həyata keçirilən qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının prioritet istiqamətləridir. Buna əyani misal olaraq, Korrupsiyaya qarşı mübarizə Komissiyası tərəfindən şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahələrində həyata keçirilən qrant proqramlarını göstərmək olar. Hörmətli xanımlar və cənablar! Sonda ümid etdiyimi bildirmək istərdim ki, bu mötəbər konfrans, apardığımız fikir və təcrübə mübadiləsi korrupsiya ilə mübarizə fəlsəfəsinin, onun qarşısının alınması üzrə ən yaxşı təcrübənin inkişafına dəyərli töhfə olacaq və bu mühüm işə yeni təkan verəcək. Əminəm ki, "Nulla difficultas tanta est, quam mens human non vincat - elə bir çətinlik yoxdur ki, insan şüuru ona qalib gələ bilməsin" qədim kəlamında deyildiyi kimi, biz mütləq uğur qazanacağıq. Diqqətinizə görə təşəkkür edirəm!