Penitensiar xidmətin əməkdaşları İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmişlər
31-08-2022, 12:03 | 436 dəfə oxunub
9-18 avqust tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilmiş və 56 ölkədən 4000-dən çox idmançının iştirak etdiyi V İslam Həmrəyliyi Oyunlarında 281 nəfər idmançı ilə təmsil olunmuş Azərbaycan yekun hesabda 29 qızıl, 36 gümüş və 34 bürünc medalla ümumilikdə 99 medal sahibi olmuşdur.
Sevindirici haldır ki, qazanılmış medallarda Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşlarının da payı olmuşdur.
Belə ki, Penitensiar xidmətin Mühafizə alayının atıcısı ədliyyə çavuşu Ağamoğlanov Fərid Azax oğlu kikboksinq idman növü üzrə yarışlarda öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlmiş, fəxri kürsünün ilk pilləsinə qalxaraq qızıl medal qazanmışdır.
Penitensiar xidmətin Mühafizə alatının Xüsusi təyinatlı bölük komandirinin müavini ədliyyə kapitanı Qədimov Arzuman Qara oğlu isə kikboksinq idman növü üzrə öz çəki dərəcəsində bürünc medal sahibi olmuşdur.
31.08.2022-ci il tarixdə İslamiadada uğur qazanmış əməkdaşlar Xidmətin Baş idarəsində qəbul edilmişlər.
Görüşdə əməkdaşlara Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriki çatdırılmışdır.
Ədliyyə kapitanı Qədimov Arzuman Qara oğlu və ədliyyə çavuşu Ağamoğlanov Fərid Azax oğlu Nazir müavinin əmrinə əsasən pul mükafatı ilə təltif edilmişlər.