Ümummilli Liderin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdir
12-12-2022, 14:33 | 958 dəfə oxunub
Penitensiar xidmətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Mərasimdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov müstəqil Azərbaycanın tarixinə adı böyük xilaskar kimi həkk edilmiş Ümummilli Liderin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən danışmış, bu zəngin irsin xalqımız üçün əvəzsiz töhfə olduğunu qeyd etmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğu vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi iştirakçıların diqqətinə çatdırılmışdır. Məhz Ümummilli Liderimizin siyasi varisi, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə 30 ildən sonra torpaqlarımız işğaldan azad olunmuşdur. Bu gün Ulu Öndərin ruhu şaddır.
Tədbirdə çıxış edən AMEA-nın şöbə müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında, onun siyasi, iqtisadi, eləcə də hüquqi əsaslarının möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin əvəzsiz rol oynadığını vurğulamışdır. Bildirilmişdir ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, dövlətimiz beynəlxalq aləmdəki yerini möhkəmləndirmiş və dünya miqyasında söz sahibi olmuşdur.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi tabe qurumların nümayəndələri ilə birlikdə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək gül dəstələri qoymuş, böyük şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.