Müstəqil Azərbaycan tarixində əhatə dairəsinə görə ən böyük Əfv Sərəncamı
8-05-2023, 21:08 | 483 dəfə oxunub
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi əlamətdar hadisə olaraq qeyd olunur.
Ulu öndərin əziz xatirəsi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda dərin hörmət və ehtiramla yad edilir. Heydər Əliyevin bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalan, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verən, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti Əfv Sərəncamı imzalayıb.
Cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Əfv Sərəncamının icrası yüksək səviyyədə təmin edilib.
Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Əfv Məsələləri Komissiyasının üzvlərinin, hüquq müdafiəçilərinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə Penitensiar xidmətin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Probasiya xidmətinin müvafiq yerli qurumlarında həyata keçirilib.
Sərəncama əsasən, ümumilikdə 801 nəfər məhkum əfv olunmuş, Əfv Sərəncamı azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 683 nəfər məhkuma, azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalara məhkum edilmiş (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları, cəzaya şərti məhkum etmə və cəzası təxirə salınmış) 118 nəfər şəxsə şamil edilib.
Penitensiar müəssisələrdə cəza çəkən 463 nəfər məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 220 nəfər məhkumun cəza müddəti isə yarıyadək azaldılıb.
Qeyd edək ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Əfv Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərdə çıxış edənlər bu humanist aktın mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıblar. Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, azad cəmiyyətə qovuşaraq sürətlə inkişaf edən və dünyada günbəgün nüfuzu artan Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminlik ifadə edilib.