Penitensiar xidmətin nümayəndə heyəti VI Beynəlxalq Penitensiar Forumda iştirak edib
20-11-2023, 20:41 | 711 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti 15-17 noyabr 2023-cü il tarixlərdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidməti tərəfindən təşkil olunmuş VI Beynəlxalq Penitensiar Forumda iştirak edib.
Ryazan şəhərindəki Hüquq və İdarəetmə Akademiyasında “Cinayət, cəza, islah” mövzusunda keçirilən forumda beynəlxalq əməkdaşlığın və dialoqun genişləndirilməsi, penitensiar sistemlərin və cinayət-cəza sahəsinin inkişaf perspektivləri müzakirə olunub.
Müxtəlif ölkələrin penitensiar sistemləri, təhsil müəssisələri və ictimai-siyasi təşkilatlarının nümayəndələri forumun gündəliyi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi-praktiki konfrans, plenar iclas və dəyirmi masalarda təcrübə bölgüsü aparıblar.
Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin rəisi daxili xidmət general-polkovniki Qostev Arkadiy Aleksandroviç, həmçinin Akademiyanın rəisi daxili xidmət general-mayoru Sergey Nikityuk ilə görüşlər keçirilib, təhsil alan azərbaycanlı tələbələrin təhsil şəraiti ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda təhsil alan azərbaycanlı tələbələr nümayəndə heyəti tərəfindən qəbul edilib, 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidovun əmri ilə elan edilmiş təşəkkür təhsildə fərqlənmiş tələbələrin nəzərinə çatdırılıb.