14.09.2016 – Penitensiar xidmətdə Referenduma həsr olunmuş seminar-məşğələ keçirildi
14-09-2016, 18:08 | 4980 dəfə oxunub
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsi - referendumla əlaqədar Penitensiar xidmət üzrə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində Baş idarədə seminar-məşğələ təşkil olunmuşdur.
Tədbirdə Penitensiar xidmətin rəhbərliyi və məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak etmişlər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov müşavirə iştirakçılarını salamlayaraq Referendum Aktı layihəsinin mahiyyəti və əhəmiyyəti, Konstitusiyaya bir sıra dəyişikliklərin və əlavələrin edilməsi barədə penitensiar müəssisələrdə həbs edilmiş şəxslərlə və məhkumlarla geniş izahat işlərinin aparılması barədə tapşırıqlar verdi. Qeyd olundu ki, referendumun təşkili ilə bağlı məsələyə 25 avqust 2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Kollegiya iclasında ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov müvafiq göstəriş və tapşırıqlar vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişiklərin hər birinin mütərəqqi xarakter daşıdığı və ölkəmizdə ictimai-siyasi sabitliyin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşməsinə, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşməsinə xidmət etdiyi vurğulandı.
Ədliyyə general-mayoru referendumla bağlı Sərəncamın icrası üzrə Mərkəzi Seçki Komissiyası, eləcə də dairə seçki komissiyaları ilə işgüzar əlaqələrin qurulduğunu, Penitensiar xidmətin tabe qurumlarında səsvermənin təşkilinə dair tədbirlər planının təsdiq edildiyini söylədi. Eyni zamanda tədbirlər planının icrasına nəzarətin həyata keçirilməsi, müəssisələrdə referenduma hazırlıq işlərinə əməli köməklik göstərilməsi məqsədilə Penitensiar xidmət üzrə müvafiq əmrlə Baş idarədə aidiyyəti idarə və şöbə rəislərindən ibarət Qərargahın yaradıldığı qeyd olundu.
Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində səsvermənin təşkili ilə əlaqədar MSK ilə bərabər Penitensiar xidmətin üzərinə də mühüm vəzifə düşdüyünü qeyd etdi. O bildirdi ki, Penitensiar xidmətin tabe qurumlarında artıq uzun illərdir ki, seçki mədəniyyəti və ənənəsi formalaşıb, Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin təşkili qaydalarına uyğun icra mexanizmi yaradılmışdır. MSK katibi növbəti ümumxalq səsverməsinin də Penitensiar xidmətin tabe qurumlarında mütəşəkkil, demokratik və təhlükəsiz şəraitdə keçiriləcəyindən əmin olduğunu vurğuladı.
Referenduma hazırlq işlərinə həsr olunmuş müşavirə müzakirələrlə davam etdi.