Həbs edilmiş şəxslərin və məhkumların müşayiəti üzrə döyüş xidməti fəaliyyəti göstərən konvoy xidməti Azərbaycan Respublikası müstəqillik əldə etməzdən əvvəl SSRİ DİN-nin Əlahiddə müşayiət divizionu və Daxili Qoşunların 7535 saylı hərbi hissəsi tərəfindən həyata keçirilirdi.
Əlahiddə müşayiət divizionu – həbs edilmiş şəxslərin Bakı şəhəri üzrə bütün rayon məhkəmələrinə, müvəqqəti saxlama yerlərindən istintaq təcridxanalarına və geriyə, cinayətin törədilmə yerlərinə, prokurorluq orqanlarına, Narkoloji dispanserə, psixiatrik ekspertizaya müşayiətini icra etmiş, 7535 saylı hərbi hissə isə məhbusların istintaq təcridxanalarına, planlı dəmir yol qarovulu ilə dəyişmə məntəqələrinə və geriyə, cəzaçəkmə müəssisələrinə, müalicə, tibb və ekspertiza müəssisələrinə, habelə Bakı Hərbi Tribunalına, Ali Məhkəməyə və səyyar məhkəmələrin keçirilməsi yerlərinə müşayiət edilməsi üzrə vəzifəni yerinə yetirmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Əlahiddə müşayiət divizionu və 7535 saylı hərbi hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyinə verilmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 6500 saylı hərbi hissənin ştat cədvəlinin yenidən elan edilməsi ilə əlaqədar 7535 saylı hərbi hissənin şəxsi heyətinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 6500 saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 iyun 1994-cü il tarixli şəxsi heyət üzrə 99 nömrəli əmrinə əsasən 7535 saylı hərbi hissənin zabit, gizir, müddətdən artıq və müddətli həqiqi hərbi qulluqçuları 15 iyun 1994-cü il tarixdən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 6500 saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına və bütün təminatlarına daxil edilmiş və 15 iyun 1994-cü il tarixdən hərbi hissə komandirinin sərəncamında hesab edilmişdir.
7535 saylı hərbi hissə ləğv edildikdən sonra onun şəxsi heyəti 15 iyun 1994-cü il tarixdən 11 fevral 2000-ci il tarixədək 6500 saylı hərbi hissənin tərkibində konvoy bölüyü kimi döyüş xidməti fəaliyyətini yerinə yetirmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 fevral 2000-ci il tarixli 32 ş/h nömrəli əmri ilə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin tabeliyində Əlahiddə müşayiət taboru yaradılmış və həmin əmrlə Əlahiddə müşayiət taboru haqqında Əsasnamə təsdiq edilmişdir.
Əlahiddə müşayiət divizionunun və 6500 saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən konvoy bölüyünün şəxsi heyəti 11 fevral 2000-ci il tarixdən Əlahiddə müşayiət taborunun şəxsi heyətinin siyahısına və bütün təminatlarına daxil edilərək tabor komandirinin sərəncamında döyüş xidməti fəaliyyətini yerinə yetirməyə başlamışlar.
Penitensiar xidmət üzrə 25 yanvar 2008-ci il tarixli 11/t N-li əmrlə Əlahiddə müşayiət taborunun adı dəyişdirilərək Konvoy taboru adlandırılmışdır.
Konvoy taborunun əsas vəzifəsi həbs edilmiş şəxslərin və məhkumların istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, dəyişmə məntəqələrinə, məhkəmələrə, cəzaçəkmə müəssisələrinə, müalicə müəssisələrinə, tibb və ekspertiza müəssisələrinə, habelə istintaq hərəkətlərinin aparılması və ekstradisiya ilə əlaqədar mühafizə altında müşayiətini həyata keçirməkdən ibarətdir.
Konvoy taboru – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”a uyğun olaraq xidmətini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğunda həyata keçirdiyi islahatlar Konvoy taborunda da öz əksini tapır. Şəxsi heyətin məişət şəraiti, ərzaq təminatı, əşya təchizatı, taborun avtomobil parkının yenilənməsi, xüsusi avadanlıqların alınması xidmətin yüksək inkişafına nail olunmasına böyük təsir göstərmişdir.
Şəxsi heyət normaya uyğun geyim formaları ilə tam təmin olunmuşdur, həmçinin döyüş xidmətinin yüksək səviyyədə saxlanılması məqsədi ilə xüsusi avtomobillərdə texniki-nəzarət avadanlıqları quraşdırılmışdır. Bütün bunlar döyüş xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəmin yaradır.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun şəxsi heyəti bundan sonra da həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini və müşayiətini etibarlı həyata keçirəcək, dövlətimizin möhkəmləndirilməsində və çiçəkləndirilməsində daha fəal iştirak edəcək, Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olacaq, torpaqlarımızın düşməndən azad olunması naminə canını və qanını əsirgəməyəcəkdir.