• 11.05.2024

ƏDLİYYƏ NAZİRİ PENİTENSİAR XİDMƏTİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə, o cümlədən penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür. Paytaxtda və bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa olunaraq istifadəyə verilməsi məhkumların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyasına xidmət edir.

Bu sahədə görülən işlərlə tanış olmaq məqsədilə ədliyyə naziri Fərid Əhmədov Nazirliyin Penitensiar xidmətinə baş çəkib.

Əvvəlcə xidmətin Baş idarəsində olan nazir yeni inşa olunmuş muzeydə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib. Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov inzibati binada yaradılan müasir iş şəraiti barədə məlumat verib.

Sonra nazir təqsirləndirilən şəxslərin saxlanıldığı Bakı istintaq təcridxanasına və cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan məhkumlar üçün Tərbiyə müəssisəsinə və 4 saylı Qadın cəzaçəkmə müəssisəsinə, Xidmətin Təlim Mərkəzinə səfər edib, onların fəaliyyəti, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraiti, tibb və ərzaq təminatı, istehsalat sahələri, yeniyetmə məhkumların təlim-tədris prosesi ilə tanış olub.

Tanışlıq zamanı nazir F.Əhmədov Xidmətin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, rejim və davranış qaydalarına riayət edilməsi, məhkumların hüquqlarının təmin olunması, onların islah prosesinin səmərəli təşkili və digər məsələlərlə bağlı tapşırıqlar verib.