Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur və Bakı şəhərində yerləşir. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Ədliyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları rəhbər tutur. Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları "Hərbi xidmət haqqında", "Hərbi qulluqçularının statusu haqqında" Azərbaycan Respublikasının Qanunları, "Hərbi xidmət keçmə haqqında Əsasnamə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" və digər normativ hüquqi aktlarla tənzimlənir. Penitensiar xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsirləri əsasında həyata keçirir. Penitensiar xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, digər möhürlərə, ştamplara və blanklara malikdir. Penitensiar xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Penitensiar xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə cəzalarının icrasını həyata keçirir; penitensiar müəssisələrin, istintaq təcridxanalarının (bundan sonra penitensiar müəssisələr), təqsirləndiriliən şəxslərin və məhkumların mühafizəsini və müşayiətini həyata keçirən hərbi qurumların və penitensiar xidmətə daxil olan digər qurumların fəaliyyətini təşkil edir; qanunvericiliklə müəyyən edilmiş vasitələrdən istifadə etməklə, məhkumların islahı işini həyata keçirir; təqsirləndirilən şəxslərin və məhkumların mühafizəsini, onların müşayiətini həyata keçirir; barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılmasını təmin edir; penitensiar müəssisələrdən azad olunmuş şəxslərin qanunvericiliyə uyğun sosial adaptasiyasına köməklik göstərir; Penitensiar xidmətdə səlahiyyətləri daxilində mülki müdafiə və səfərbərlik işini təşkil edir; hüquqi maarifləndirmə işində iştirak edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. |