• 14.06.2024

ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTDƏ QULLUĞA QƏBUL OLUNMUŞ ZABİT HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

 

 

Ədliyyə naziri Fərid Əhmədovun və Nazirliyin rəhbər heyətinin iştirakı ilə müsabiqələrdə uğur qazanaraq qulluğa qəbul olunmuş əməkdaşlarla görüş keçirilib.

 

Tədbirdən öncə xidmətə yeni qəbul olunanlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanı ziyarət edilib.

 

Daha sonra müxtəlif vəzifələrdə orta rəis heyətində işə qəbul olunmuş və xüsusi rütbə almış 59 gənc əməkdaşın imzalanmış əmrləri oxunub.

 

Tədbirdə çıxış edən nazir Fərid Əhmədov ədliyyə sistemində aparılan ardıcıl islahatlara toxunaraq penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, rəqəmsallaşma və yeni innovativ texnologiyaların tətbiqi üzrə həyata keçirilən tədbirlərdən danışıb.  Aparılan islahatların həmçinin kadr seçimi prosesini də əhatə etdiyini qeyd edib.

 

Nazir vurğulayıb ki, bütün dövlət qurumlarında olduğu kimi, ədliyyə orqanlarında da işə qəbul zamanı gənc kadrlara böyük üstünlük verilir, aşkarlıq şəraitində açıq müsabiqələr keçirilərək Nazirliyin kadr korpusunun Vətənə sədaqəti, yüksək şəxsi keyfiyyətləri və peşəkarlığı ilə seçilən gənc mütəxəssislərlə möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

 

Penitensiar xidmətdə qulluğun xüsusiyyətlərinə toxunan nazir Prezident İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı tapşırıqlarınının hər zaman diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

 

Fərid Əhmədov xidmətə yeni başlayan ədliyyə işçilərinə məsuliyyətli olmalarını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama və etik davranış qaydalarına dönmədən əməl etmələrini vurğulayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra qulluğa yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

 

Sonda nazir Fərid Əhmədov gənc əməkdaşlara xidməti vəsiqələrini və zabit rütbələrini təqdim edib.