• 26.06.2024

26 İYUN – SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜHAFİZƏ ALAYINDA TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNUB

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.

Hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ərazi bütövlüyümüzün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Silahlı Qüvvələrin yaranması və inkişaf mərhələlərindən geniş söhbət açılıb, Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsinin və nizami ordu quruculuğu prosesinin prioritet elan olunmasının Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan uğurlu hərbi siyasətin nəticəsi olduğu bildirilib.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusunun hazırda bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfə verdiyi vurğulanıb.

Daha sonra tədbir Mühafizə alayının şəxsi heyəti və əsgərlər üçün təşkil edilən konsert proqramı ilə davam edib.