• 15.07.2024

ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNƏ QULLUĞA QƏBULLA BAĞLI MÜSABİQƏ ELAN EDİLİR

Penitensiar xidmətin Müsabiqə Komissiyası bildirir ki, xidmətdə kiçik və orta rəis heyətinə qulluğa qəbulla bağlı 15-25 iyul 2024-cü il tarixlərində sənəd qəbulu həyata keçirilir.

Vakant vəzifələr müxtəlif penitensiar müəssisələrdə energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ali təhsil tələb edən vəzifələrdir. Həmçinin, Lənkəran penitensiar müəssisəsində mövcud olan vakant kiçik rəis heyəti vəzifələri üçün ən azı tam orta təhsil, orta rəis heyəti vəzifələri üçün isə hüquqşünaslıq, psixologiya, maliyyə-iqtisadiyyat, informasiya texnologiyaları, yanğından mühafizə ixtisasları üzrə ali təhsil tələb edilir.

Ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı qanunvericiliyin tələblərinə, eləcə də yuxarıda qeyd olunan təhsil tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsindən tanış ola bilərlər.

Vətəndaşlar ərizələri xidmətin elektron poçtu (info@penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim edə bilər.

Müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq mümkündür.