• 16.08.2024

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRLƏ BAĞLI ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 16-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib.

Penitensiar xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Xidmətin Baş idarəsinin məsul əməkdaşları, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, Mühafizə alayı və Konvoy taborunun komandirləri, habelə həmin qurumların yerləşdiyi ərazilər üzrə müvafiq seçki dairələri dairə seçki komissiyalarının sədrləri və media nümayəndələrinin iştirak etdiyi tədbir penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsinə həsr olunub.

Seminar-müşavirəni açan ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycanın seçki qanunvericiliyinin vətəndaşlarımızın konstitusion hüquqlarının azad şəkildə reallaşdırılmasına tam təminat verdiyini vurğulayıb. Nazir müavini Xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkil olunması və şəffaf keçirilməsi istiqamətində ədliyyə naziri Fərid Əhmədovun tapşırıq və tövsiyələrini diqqətə çatdırıb, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması işlərinin həyata keçirildiyini bildirib. Xidmət rəisi qeyd edib ki, ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, tabe qurumlarda da əlverişli seçki mühiti yaradılıb.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxışında Konstitusiyanın və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb. Həmçinin bildirib ki, bütün proseslər seçki qanunvericiliyinin tələbləri və Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planı əsasında müvəffəqiyyətlə davam edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin şöbə müdiri Ramin Nurəliyev seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurları aydın və ətraflı izah edib.

Seminar-müşavirənin sonunda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.