MÜHAFİZƏ ALAYINDA GƏNC ƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin 28 avqust 2024-cü il tarixdə hərbi andiçmə mərasimi keçirilib.
Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyini, ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatların, göstərilən diqqət və qayğı nəticəsində müasirləşdiyini və yeniləndiyini qeyd edib. Nazir müavini ədliyyə naziri Fərid Əhmədovun təbriklərini gənc əsgərlərə çatdıraraq onlara xidmətlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər. Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə uğur qazanacaqlarını, Vətənin müstəqilliyinin və torpaqlarımızın bütövlüyünün qorunması uğrunda Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını bildiriblər.
Daha sonra Mühafizə Alayının şəxsi heyətinin marş sədaları altında təntənəli keçidi izlənilib.
Tədbirdən sonra nazir müavini Mühafizə Alayının şəhidlərinin abidəsi önünə gül dəstələri qoyub, onlara ehtiramını bildirib. Xidmət rəisi Alaya baxış keçirib, döyüş hazırlığını yoxlayıb, tapşırıq və tövsiyələrini verib, daha sonra əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.