• 05.10.2024

TÜRKİYƏ CƏZA VƏ HƏBS EVLƏRİ BAŞ İDARƏSİNİN RƏİSİ PENİTENSiAR MÜƏSSİSƏLƏRƏ BAŞ ÇƏKİB

Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsinə baş çəkib.

Enis Yavuz Yıldırım qadın cəzaçəkmə müəssisəsində yaradılmış “ƏN TEZ” xidməti, məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş otaqlar, çörək, xalça və tikiş sexləri, görüş otaqları, yeniyetmə məhkumlar üçün idman zalı, dərs otaqları, rəsm dərnəyi, saxlanma kameraları və s. ilə tanış olub.

Enis Yavuz Yıldırım tanış olduqları müəssisələrdə yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildirib, ölkələrimiz arasında cəza-icra sahəsində əməkdaşlığın məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına töhfə verəcəyini qeyd edib.