• 16.10.2024

MƏHKUM QADINLARIN SOSİAL ADAPTASİYASI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən məhkum qadınlar üçün növbəti dəfə tədbirlər təşkil olunub.

Belə ki, 35 məhkuma əl işləri sənəti üzrə təlimlər, 120-yə yaxın məhkuma isə psixoloji seminar keçirilib.

Əl işləri üzrə mütəxəssislər tərəfindən məhkumlara parçalardan gəlinciklər, muncuqlardan bəzək əşyaları düzəltməyin sirləri öyrədilib.

İctimai Birliyin əməkdaşları tərəfindən məhkum qadınlar üçün təşkil olunan psixoloji seminarda isə mühazirələr oxunub, sorğu keçirilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.

Bununla yanaşı, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) dəstəyi ilə “V Kitabqurdu Məhkum Qadınların Oxu Marafonu” adlı layihəyə start verilib.

Cari ilin 1 sentyabr - 1 dekabr tarixlərini əhatə edəcək mütaliə marafonuna indiyə qədər 100 nəfərə yaxın məhkum qadın qatılıb. Müsabiqədə iştirakçılar ANAİB üzvü olan 10 nəşriyyatın hər birinə aid 1 kitab olmaqla, ümumilikdə 10 kitab oxuyacaqlar. Seçim turunda uğur qazanmış 10 nəfər qadın məhkum finala vəsiqə qazanaraq ilk üç yer uğrunda mübarizə aparacaqlar. Qaliblər və final iştirakçıları ANAİB tərəfindən mükafatlandırılacaqlar.