• 10.12.2024

VƏKİLLƏR KOLLEGİYASI İLƏ İMZALANMIŞ BİRGƏ TƏDBİRLƏR PLANI UĞURLA İCRA OLUNUB

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sərəncam və fərmanlarının icrasından irəli gələrək ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıqlarına əsasən məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

İyunun 11-də Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyasının rəhbərlikləri arasında birgə fəaliyyətin təşkili ilə bağlı keçirilmiş görüşdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən imzalanmış birgə tədbirlər planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Plana əsasən cari il ərzində cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına müxtəlif vəkil bürolarını təmsil edən vəkillər tərəfindən başçəkmələrin həyata keçirilməsi təmin olunub.

Növbəti başçəkmə dekabrın 10-da 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrində təşkil edilib.

Vəkillərlə keçirilmiş görüş zamanı 100-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.