MƏHKUM QADINLAR DAHA BİR LAYİHƏDƏ UĞURLA İŞTİRAK EDİBLƏR
Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra layihələr uğurla icra olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İKT LAB” Tətbiq və Tədris Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilən “Məhkum qadınlar rəqəmsal dünyada” adlı layihəyə yekun vurulub.
Dekabrın 20-də layihə çərçivəsində ofis proqramları və qrafik dizayn dərsləri üzrə təlimləri uğurla başa vurmuş 24 məhkum qadına sertifikatlar təqdim olunub.
Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin məsul əməkdaşları iştirak ediblər.
Çıxış edənlər azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması, yenidən iş həyatına addımlamaları və karyera qurmaq imkanlarının artırılması baxımından bu cür layihələrin həyata keçirilməsini müsbət qiymətləndiriblər. Qeyd olunub ki, məhkum qadınların informasiya texnologiyaları üzrə yiyələndikləri bilik və bacarıqlar onların azadlığa çıxdıqdan sonra işlə təmin olunmaları və həyatlarında dönüş etmələri baxımından önəmli rol oynayır.
Sonda qonaqlar təlimlərdə iştirak etmiş qadın məhkumlarla xatirə şəkli çəkdiriblər.