• 27.12.2024

UĞUR QAZANMIŞ QADIN MƏHKUMLAR MÜKAFATLANDIRILIBLAR

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin gücləndirilməsi, o cümlədən onların maarifləndirilməsi istiqamətində bir sıra layihələr uğurla icra olunur.

 

"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin və "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin birgə həyata keçirdiyi "V Kitabqurdu qadın məhkumların oxu marafonu"nun 4 saylı cəzaçəkmə müəssisəsində mükafatlandırma mərasimi keçirilib.

 

11 dekabr tarixində keçirilmiş yekun qiymətləndirmə imtahanında qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyat evinin hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırıblar.

 

Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırılıblar. İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim olunub. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürülüb.

 

Çıxış edənlər azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu cür maarifləndirici tədbirləri müsbət qiymətləndiriblər.

 

Sonda qonaqlar qaliblərlə xatirə şəkli çəkdiriblər.