YENİYETMƏ MƏHKUMLAR BAYRAM GƏZİNTİSİNƏ ÇIXARILIBLAR
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən sosial adaptasiyanın gücləndirilməsi, islah prosesinin effektivliyinin artırılması, məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Bu istiqamətdə dövlət və qeyri-hökumət təşkilatları ilə birgə işlər icra olunur.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə saxlanılan 3 nəfər yeniyetmə məhkumun 27 dekabr tarixində şəhər gəzintisi təşkil edilib.
İlk olaraq onlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.
Yeniyetmələr şəhər gəzintisi çərçivəsində Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Bundan əlavə, Bakı Zooloji Parkına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Muzey mərkəzinə, Bakı Əyləncə Mərkəzinə baş çəkilib.
Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və digər oyun proqramları təşkil olunub.