• 21.01.2025

2024-CÜ İLİN YEKUNLARINA DAİR ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

Yanvar 21-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərində, eləcə də 1 sentyabr 2024-cü il tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin hər bir Azərbaycan vətəndaşı kimi seçki hüququ təmin edilib.

Vurğulanıb ki, ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıq və tövsiyələrinə əsasən ötən dövrdə Penitensiar xidmətin infrastrukturunun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma və maddi-məişət şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov xidmətin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, 2024-cü il ərzində Penitensiar xidmət tərəfindən qarşıda duran vəzifələr yerinə yetirilib, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üzərində nəzarətin gücləndirilməsi və profilaktik işin daha səmərəli təşkili nəticəsində cinayətlərin, rejim pozuntularının sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələrə nail olunub. Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin daha səmərəli təşkili nəticəsində uğurlu göstəricilər əldə edilib.

Tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, infrastrukturun müasirləşdirilməsi, müəssisələrin müasir avadanlıqlarla təmin olunması həyata keçirilib.

Məhkumların reinteqrasiya prosesinin gücləndirilməsi çərçivəsində ictimai faydalı əməyə cəlb olunmaları üçün digər dövlət qurumları ilə birlikdə yeni layihələrin həyata keçirilməsi, onlar üçün peşə kurslarının təşkili, yeni istehsalat sahələrinin yaradılması istiqamətində işlər görülüb.

Müşavirədə Penitensiar xidmətin tabe qurumlarının rəhbərlərinin də məruzələri dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.

Əməliyyat müşavirəsində Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilli də iştirak edib.