ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
2025-ci il yanvarın 29-na təyin edilmiş növbəti bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 23-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində seminar-müşavirə keçirilib.
Penitensiar xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Xidmətin Baş idarəsinin və tabe qurumların məsul əməkdaşlarının iştirak etdikləri tədbirdə penitensiar müəssisələrdə seçkilərin təşkili və səsvermənin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Seminar-müşavirədə Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov ötən il ərzində keçirilən Prezident seçkilərinin və növbədənkənar parlament seçkilərinin Penitensiar xidmətin tabe qurumlarında yüksək səviyyədə, şəffaf və demokratik keçirildiyini vurğulayıb. Çıxış zamanı hər bir Azərbaycan vətəndaşı kimi, təqsirləndirilən şəxslərin və məhkumların, həmçinin Penitensiar xidmətin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin də öz hüquqularından istifadə edərək seçki prosesində fəal iştirak etdikləri qeyd olunub. Xidmətin tabe qurumlarında səsvermənin yüksək səviyyədə təşkili, səsvermə yerlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması istiqamətində rəhbərliyin tapşırıq və tövsiyələri şəxsi heyətin diqqətinə çatdırılıb. Ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, tabe qurumlarda da bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün əməkdaşların üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxışında Konstitusiyanın və Seçki Məcəlləsinin seçki hüququ ilə bağlı müvafiq müddəalarından bəhs edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olan seçicilərin qanunvericiliklə müəyyənləşdirilmiş səsvermə hüquqlarından danışıb.
Mərkəzi Seçki Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması ilə bağlı bütün prosedurları ətraflı izah edib.
Seminar-müşavirənin sonunda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.