GƏNC MƏHKUMLARLA MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlığı çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəzasının bitməsinə az müddət qalmış gənc məhkumlarla görüş keçirilib.
Görüşün əsas məqsədi məhkumların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinə dəstək vermək, onları azadlığa hazırlamaq, bu sahədə qanunvericilikdə əksini tapmış məqamlar barədə məlumatlandırmaq və hüquqi maarifləndirmə işini həyata keçirməkdən ibarət olub.
“Gənclər siyasəti” haqqında Azərbaycan Respublikasının Qanununa və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları məhkumlarla maarifləndirici söhbətlər aparıb, onları maraqlandıran suallar cavablandırılıb.