• 25.07.2025

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ GÖRÜŞLƏR KEÇİRİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində tabe qurumlarda mütəmadi olaraq seminar-treninqlər təşkil olunur, aktual mövzular üzrə maarifləndirmə işi həyata keçirilir.

Azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində ümumilikdə 80 nəfərə yaxın məhkumun iştirak etdiyi növbəti görüşlər 5 və 7 saylı cəzaçəkmə müəssisələrində və Şəki Penitensiar müəssisəsində “Tövbə - mənəvi təmizliyə aparan yol” mövzusunda təşkil edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, o cümlədən Komitənin Şirvan-Salyan və Şəki regional bölmələrinin məsul əməkdaşları və din xadimləri mövzu ətrafında çıxışlar edib, müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.