• 22.08.2025

SOSIAL XİDMƏTLƏR AGENTLİYİ DAHA 26 MƏHKUMUN QİYMƏTLƏNDİRMƏSİNİ APARIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə daha iki cəzaçəkmə müəssisəsində görüşlər keçirilib.

Penitensiar xidmətin Umbakı penitensiar kompleksində və İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Vurğulanıb ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə onların ailələrinə səfərlər təşkil olunur, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq onlar sosial-psixoloji, həmçinin digər sosial xidmətlərə cəlb edilirlər.

Qeyd olunan cəzaçəkmə müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 26 məhkumun qiymətləndirilməsi aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.