• 26.09.2025

VƏTƏN MÜHARİBƏSİNİN BAŞLAMASINDAN 5 İL ÖTÜR

Azərbaycan Respublikasında hər il 27 sentyabr - Anım Günü kimi qeyd edilir.

Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin baş idarəsində tədbir keçirilib.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz siyasi iradəsi, xalq, ordu və dövlət birliyi nəticəsində qazanılan Zəfərin həm hərbi, həm də diplomatik müstəvidə ən mühüm qələbə kimi tarixə yazıldığını, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə tarixi ədalətin bərpa olunduğunu qeyd edib. 44 günlük Vətən müharibəsinin davamı olaraq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suveren hüquqlarımızın tam bərpa olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu şanlı tarixin memarları olan şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.

Anım mərasimində Penitensiar xidmətdə işləyən şəhid ailələri üzvləri və müharibə veteranları iştirak ediblər.

Sonda Vətən müharibəsinə həsr olunmuş film izlənilib.