ANIM GÜNÜ MÜNASİBƏTİLƏ ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN TABE QURUMLARINDA TƏDBİRLƏR KEÇİRİLİB
27 Sentyabr - Anım Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabe qurumlarında silsilə tədbirlər keçirilir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Mühafizə alayında alay komandanlığının, şəxsi heyətin və həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə anılıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Vətən müharibəsinin başlanması, tarixi Zəfər barədə çıxışlar edilib.
Anım mərasimində Mühafizə alayında xidmət edən müharibə veteranları, şəhid ailələri üzvləri olan əməkdaşlar və əsgərlər, o cümlədən şəhid valideynləri də iştirak ediblər.
Tədbirdə Vətən müharibəsinə həsr olunmuş film izlənilib.
Sonda Şəhidlər abidəsi önünə gül dəstələri qoyulub.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində əməkdaşların və 45 saylı axşam tam orta məktəbin pedaqoji kollektivinin iştirakı ilə Anım Günü münasibətilə keçirilmiş tədbirdə Dövlət Himni səsləndirilib, şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə yeniyetmə məhkumlar Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndiriblər, müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.
Sonda Vətən müharibəsinə həsr edilmiş filmlər izlənilib.

