ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ ZƏFƏR GÜNÜNÜN BEŞİNCİ İLDÖNÜMÜ QEYD EDİLİB
Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb. Daha sonra şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov bu möhtəşəm Qələbənin Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyinin, xalqımızın iradəsinin və Ordumuzun qüdrətinin təntənəsi olduğunu bildirib.
Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi strateji baxış, diplomatik iradə və sərkərdəlik bacarığı sayəsində 30 illik ədalətsizliyə son qoyulub.
Nazir müavini çıxışı zamanı bu Qələbənin xalqımızın şanlı tarixində parlaq bir səhifə, milli qürur, birlik və Vətən sevgisinin simvolu kimi qalacağını vurğulayaraq, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xidmətlərində yeni uğurlar arzulayıb.
Tədbirdə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşmüş Penitensiar xidmətin əməkdaşları iştirak ediblər.
Sonda 44 günlük Vətən müharibəsindən və işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən video-çarx nümayiş olunub.

