ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN TABE QURUMLARINDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində və Mühafizə alayında qeyd olunub.
Mühafizə alayında müddətli həqiqi hərbi xidmətə yeni çağırılmış gənc əsgərlər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirələrini yad ediblər.
Daha sonra gənc əsgərlər üçün incəsənət xadimlərinin iştirakı ilə bayram konserti təşkil olunub.
4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar Zəfər Günü münasibətilə xüsusi konsert proqramı, musiqi, şeir və səhnəciklərlə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə badminton, 14 saylı cəzaçəkmə müəssisəsində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər sektorunun təşkilatçılığı ilə şahmat üzrə yarışlar keçirilib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

