Nazir Fərid Əhmədov Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirib
Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri çərçivəsində Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında ötən il imzalanmış Əməkdaşlıq Memorandumunun icrası, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə danışılıb, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin təşkili, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Tərəflər iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda keçirilən Zəfər paradında iştirakının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.
Qeyd edək ki, nazir Fərid Əhmədov Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir.

