• 26.11.2025

AFFA UŞAQ HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ YENİYETMƏ MƏHKUMLARLA TƏDBİR KEÇİRİB

Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində tədbir keçirilib.

“Futbolda Uşaq Hüquqlarının Qorunması” layihəsi çərçivəsində keçirilmiş seminarın əsas məqsədi yeniyetmə məhkumların hüquqi məlumatlılığını artırmaq, onlarda təhlükəsiz davranış modellərini gücləndirmək, eləcə də futbol vasitəsilə onların sosial inteqrasiya, reabilitasiya və müsbət emosional inkişafına dəstək göstərməkdir.

Tədbirdə mütəxəssislər tərəfindən yeniyetmə məhkumlara mühazirələr oxunub, uşaq hüquqları, psixoloji və fiziki zorakılıq, ayrı-seçkiliyin qarşısının alınması, davranış kodeksinin məqsədi və prinsipləri, Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz və fiziki mühitlə bağlı tövsiyələri, futbol mühitində hüquqların qorunması, təhlükəsiz futbol mühitinin yaradılması, futbolda etik qaydalar barədə məlumatlar verilib, interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.