• 27.11.2025

MƏHKUMLARLA DİNİ MAARİFLƏNDİRMƏ MÖVZUSUNDA GÖRÜŞLƏR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə Tədbirlər Planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər təşkil olunur və maarifləndirmə işi həyata keçirilir.

Bu dəfə Uşaq Hüquqları Aylığı çərçivəsində Dövlət Komitəsinin məsul əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayan məhkumlar üçün penitensiar müəssisədə saxlanılan qadın və yeniyetmə məhkumlarla görüşüblər.

Ümumilikdə 100 nəfərə yaxın məhkumun iştirak etdiyi “Uşaq hüquqları – bərabər imkanlar və sosial inteqrasiya” mövzusunda təşkil edilmiş görüşlərdə mütəxəssislər tərəfindən çıxışlar edilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.