• 23.02.2026

Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə sosial-psixoloji kabinet fəaliyyətə başlayıb

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə sosial-psixoloji kabinet fəaliyyətə başlayıb.

Yeni yaradılmış kabinetin məqsədi məhkum olunmuş yeniyetmələrin psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların sosial adaptasiya bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi və həyat planlamasında düzgün istiqamətləndirilməsidir.

Artıq müəssisədə cəza çəkən bir qrup məhkumla görüş keçirilib, ilkin sosial-psixoloji qiymətləndirmə aparılıb və fərdi iş planlarının hazırlanmasına başlanılıb.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində daha əvvəl 16 saylı cəzaçəkmə müəssisəsində də sosial-psixoloji kabinet yaradılıb.

Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ötən il bu kateqoriyadan olan 82, 2024-cü ildən bu günədək isə 130-a yaxın şəxslə qiymətləndirmə aparılıb.