• 26.02.2026

XOCALI SOYQIRIMININ 34-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ KEÇİRİLİB

İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş, əsrimizin ən dəhşətli və ən ağır cinayətlərindən olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində və tabe qurumlarında anım tədbirləri keçirilib.

Penitensiar xidmətin Baş idarəsində keçirilmiş anım tədbirində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin rəis müavini Orxan Qasımov anım mərasimində çıxış edib. Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönəlmiş əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib. Bu faciəyə məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərildiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Xocalı şəhəri düşmən tapdağından azad edilib, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xocalı şəhərində ucaldıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.