• 20.04.2026

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Aprelin 17-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov tərəfindən Gəncə, Bərdə, Lənkəran, Şirvan, İmişli və Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Videoqəbulda penitensiar sahə ilə bağlı qəbulda iştirak etmək üçün müraciət edən 14 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.