SOSİAL XİDMƏTLƏR AGENTLİYİ MƏHKUMLARLA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cəzaçəkmə müəssisələrində aparılan sosial reabilitasiya tədbirləri davam etdirilir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Agentlik arasında imzalanmış birgə tədbirlər planına əsasən azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə daha 4 cəzaçəkmə müəssisəsində görüşlər keçirilib.
Penitensiar Xidmətin 1, 10, 11, 15 saylı cəzaçəkmə müəssisələrində yaşayan və cəza müddətinin sonuna az qalmış 127 məhkumla təşkil edilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də sosial adaptasiya prosesi barədə ətraflı məlumat verilib. Məhkumları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə onların ailələrinə səfərlər təşkil olunur. Agentliyin əməkdaşları tərəfindən şəxsin sosial xidmətlərə olan tələbatı qiymətləndirilir, ehtiyaclarına uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı göstərilir.

