• 07.10.2026

Ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüşüb

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin ədliyyə naziri Akın Gürlek ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ədliyyə sahəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Hüquqi yardım, ekstradisiya, rəqəmsallaşma, penitensiar və probasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, səfər çərçivəsində Fərid Əhmədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirlərinin 3-cü iclasında və Ədliyyə Sammitində iştirak edib.