• 19.11.2026

“UŞAQ HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ QADIN VƏ YENİYETMƏ MƏHKUMLARLA GÖRÜŞ KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşlığı çərçivəsində cəza çəkən və cəza çəkməkdən azad edilmiş şəxslərin sosial reabilitasiyasına dəstək məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu çərçivədə “Uşaq Hüquqları Aylığı” ilə əlaqədar 4 saylı cəzaçəkmə müəssisəsində uşaqları ilə birgə yaşayan qadın və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə saxlanılan yeniyetmə məhkumlarla görüşlər təşkil edilib.

Görüş zamanı Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları tərəfindən məhkumlarla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Eləcə də məhkum qadınların Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan övladları ilə görüşü də təşkil olunub. Animasiya qəhrəmanlarının iştirakı ilə hazırlanmış musiqili-əyləncəli proqram uşaqlar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.