• 21.11.2026

Ədliyyə Nazirliyinin əməkdaşları arasında şahmat turniri keçirilib

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyinin əməkdaşları arasında şahmat turniri təşkil olunub.

Noyabrın 17–18-də “Gənc istedadlar” şahmat məktəbində keçirilən turnirdə Nazirliyin müxtəlif struktur qurumlarını təmsil edən əməkdaşlar iştirak ediblər. Yarış peşəkar hakimin idarəçiliyi ilə keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, I yerə Penitensiar xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsinin (kompleks) rəisi ədliyyə polkovnik-leytenantı Cavid Məmmədov, II yerə Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəisi ədliyyə müşaviri Rəşad Hacıyev, III yerə isə Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin təsərrüfat bölməsinin rəisi ədliyyə mayoru Zamin Əliyev layiq görülüblər.

Qaliblər diplom və müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, Ədliyyə Nazirliyində əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual potensialının və komanda ruhunun inkişaf etdirilməsi məqsədilə müxtəlif idman və intellektual yarışların keçirilməsinə diqqət yetirilir.