Bayram münasibətilə Penitensiar xidmətin Baş idarəsində iclas keçirilib
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində ədliyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun sədrliyi ilə toplantı keçirilib.
Tədbirdə Penitensiar xidmətin Baş idarəsinin əməkdaşları, vaxtilə uzun illər Penitensiar sistemdə çalışmış, hazırda təqaüddə olan bir qrup keçmiş əməkdaş, kiçik və orta rəis heyətində qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar iştirak ediblər.
Nazir müavini tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, hər kəsə cansağlığı, uzun ömür və uğurlar arzulayıb.
Nazir müavini çıxışında vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyində onun şah əsəri olan müasir və güclü dövlətimizin bütün ərazilərində suverenliyimizin və konstitusiya əsaslarının bərpası xüsusi önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi, Xocavənd, Ağdərə və Xocalımızda üçrəngli zəfər bayrağımızı yüksəltdiyi o tarixi anları yaşadığımız qeyd olunub.
M.Seyidov yola saldığımız ildə başlanılmış uğurlarımızın növbəti ildə də davam etdirilərək daha böyük nəticələrə nail olunacağına, bütün xidmət əməkdaşlarının bu istiqamətdə əzmlə çalışacağına inamını bildirib.
Çıxış edən təqaüdçülər onlar üçün doğma sayılan bir məkanda yenidən görüşə şərait yaradılmasına görə öz minnətdarlıqlarını bildiriblər. Onlar gənc ədliyyə işçiləri ilə uzun illərin təcrübəsinə dayanan məsləhətlərini bölüşüblər. Son dövrlər Xidmətdə bütün fəaliyyət istiqamətləri üzrə aparılan işlər, yenilik və layihələri qürurla izlədiklərini vurğulayaraq, Xidmətin fəaliyyətinə uğurlar diləyiblər.
Tədbir zamanı nazir müavini 47 ildən çox müddətdə ədliyyə orqanlarında işləmiş sabiq ədliyyə işçisi Hüseynova Şəhla Məhəmmədəli qızına “Əmək veteranı” vəsiqəsini təqdim edib. Bununla yanaşı, cüdo idman növü üzrə Respublika birinciliyinin bürünc medalçısı, 4 saylı cəzaçəkmə müəssisəsinin inspektoru ədliyyə leytenantı Hüseynova Kəmalə Hacıhüseyn qızına qiymətli hədiyyə təqdim edilib.
Tədbirin sonunda Xidmət əməkaşlarına aid şəkillərdən ibarət xüsusi videoçarx izlənilib.