• 07.03.2024

Qadın əməkdaşlarımızı təbrik edirik!

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində qadın əməkdaşların iştirakı ilə tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan qadının hər zaman tarixən xalqımızın və vətənimizin inkişafında misilsiz rol oynadığı, cəmiyyətin bütün sahələrində qabaqcıl fikirli və tərəqqipərvər olduğu qeyd edilib.

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləyib, mühüm nailiyyətlər əldə edib. Bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub.

 

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin, keşməkeşli inkişaf  yolu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər.

 

Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğu qeyd edilib. Hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısıdır.

 

Tədbirdə iştirak edən bütün xanımlara gül dəstələri və hədiyyələr təqdim edilib.