• 07.03.2024

Qadın məhkumlar Beynəlxalq Qadınlar Gününü qeyd ediblər

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin  4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar üçün silsilə tədbirlər keçirilib.

 

Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə qadın məhkumların iştirakı ilə “İdman həyatdır” adlı badminton yarışı keçirilib, eləcə də incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.

 

Tədbirdə Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Dənyar Teymurlu və Azərbaycan Badminton Federasiyasının katibi Ramil Hacıyev iştirak ediblər.

 

Çıxış edənlər qadın məhkumları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəlilədiyini, mühüm nailiyyətlər əldə etdiyini qeyd ediblər. Bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub.

 

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin, keşməkeşli inkişaf  yolu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər.

 

Yarışda uğur qazanan və ilk yerləri tutan qadın məhkumlar mükafatladırılıblar.