Azərbaycan Mühəndislik Akademiyası və Penitensiar xidmət əməkdaşlığa başlayır (AZƏRTAC)
Azərbaycan Mühəndislik Akademiyası ilə Penitensiar xidmət arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq çərçivəsində müasir texnika və texnologiyaların tətbiqi istiqamətində görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Görüşdə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov, Elm-İstehsalat Birliyinin Baş direktoru, akademiyanın üzvü Kamal Əskərov, Penitensiar xidmətin rəisi general-mayor Mirsaleh Seyidov və müavini general-mayor Oqtay Məmmədov iştirak edib.
Görüşdə Penitensiar xidmətin bölmələri üçün maraq doğuran müasir texnika və texnologiyalar ətrafında geniş müzakirə aparılıb və onlara avadanlıqların kataloqları təqdim olunub.
Tərəflər işçi qrupların təşkil edilməsi, müzakirələr aparılması və yekunda qarşılıqlı maraq çərçivəsində əməkdaşlıq müqaviləsinin bağlanılması barədə razılığa gəliblər.