Penitensiar xidmətdə qulluq keçmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbulla bağlı xidmətin internet səhifəsində elan verilərkən elektron poçt (info@penitensiar.justice.gov.az), Azərpoçt və Bakı şəhəri, Nizami küçəsi 114 ünvanda yerləşən xidmətin Baş idarəsindəki poçt qutusu vasitəsilə müraciət edə bilərlər. Müraciət edən vətəndaşlar xidmətin Baş idarəsində qəbul edilir və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda göstərilmiş siyahıda sənədlərini təqdim edirlər. Sənədlərin təqdim olunmasından sonra namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır və onun qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy tərtib olunur. Müraciət etmiş namizədlərin hər birinə müsahibə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən “Yaddaş kitabçası” verilir. Müraciət edən vətəndaşların qulluğa yararlı olub-olmaması Ədliyyə Nazirliyi Tibb baş idarəsinin hərbi-həkim komissiyası tərəfindən müəyyən edilərək bu barədə rəy verilir. Həkim komissiyasının rəyindən sonra namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq - mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”-nə əsasən fiziki hazırlıq üzrə normativləri yerinə yetirməlidirlər. Həkim komissiyası müsbət rəy vermiş, fiziki hazırlıqdan normativləri yerinə yetirmiş və qulluğa qəbulu edilməsinin mümkünlüyü barədə rəy tərtib olunmuş namizədlər müsahibəyə buraxılırlar. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər. Müsahibə hər bir namizədlə fərdi qaydada yuxarıda qeyd olunan Qaydalara uyğun həyata keçirilir. Hər namizədə iddiasında olduğu vəzifənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün 5 sual verilir. Bu suallara verilən cavablar üzrə ən çox 25 bal toplamaq mümkündür. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibədən sonra kiçik rəis heyəti vəzifələri üçün müraciət etmiş namizədlərin təyinatı məsələsi həll edilir. Orta rəis heyəti vəzifələri üçün müsahibədən keçən şəxslər isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunur və təlimi müvəffəqiyyətlə bitirərək peşə fəaliyyətinə buraxılma barədə şəhadətnamə almış şəxslərin müvafiq vəzifələrə təyin olunması yerinə yetirilir. 2. Qulluğa qəbulla bağlı hansı sənədlər təqdim olunmalıdır ? “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq aşağıdakı sənədlər təqdim olunur: 1. Müsahibədə iştirak etmək üçün vahid forma üzrə ərizə 2. kadrlar uçotunun şəxsi vərəqəsi; 3. tərcümeyi-hal; 4. ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti; 5. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti; 6. əmək kitabçasının notariat qaydasında və ya kadr xidməti tərəfindən təsdiq olunmuş surəti; 7. sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı; 8. hərbi biletin notariat qaydasında təsdiq olunmuş surəti; 9. ailə tərkibi haqqında arayış; 10. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil 3. Qulluğa qəbulla bağlı fiziki hazırlıqdan hansı normativlər verilir ? Qulluğa qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq - mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”-nə əsasən fiziki hazırlıq üzrə normativləri yerinə yetirməlidirlər. - Turnikdə dartınma: 8 – 10 dəfə - 100 metr məsafəyə qaçış: 13.5 – 14.5 saniyə - 1000 metr məsafəyə qaçış: 3.30 – 3.50 dəqiqə 4. İşə qəbulla bağlı necə müraciət etmək olar ? Penitensiar xidmətdə qulluq keçmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları elektron poçt (info@penitensiar.justice.gov.az), Azərpoçt və Bakı şəhəri, Nizami küçəsi 114 ünvanda yerləşən xidmətin baş idarəsindəki poçt qutusuna ərizə vasitəsilə müraciət edə bilərlər. 5. İşə qəbulla bağlı hansı normativ sənədlər mövcuddur ? - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu; - “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”; - “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-cil tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və hüquq - mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri”. |