AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
Maddə 317-1
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi
317-1.1
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317-1.2
Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 317-2
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması,
saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi
317-2.1
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317-2.2
Eyni əməllər təkrar törədildikdə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNİN DAXİLİ İNTİZAM QAYDALARI
Cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunan əşya və sənədlərin
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları.
2. Optik cihazlar.
3. Spirtli içkilərin bütün növləri, spirt əsasında hazırlanmış ətirlər və digər məmulatlar.
4. Narkotik vasitələr, psixotrop maddələr və prekursorlar.
5. Dərman preparatları və tibbi ləvazimatlar.
6. Əmək alətləri.
7. Kəsici və deşici alətlər.
8. Oyun kartları.
9. Fotoaparatlar, fotomateriallar və kimyəvi maddələr.
10. Topoqrafik xəritələr və kompas.
11. Hərbi və digər xidməti geyim formaları, habelə bu geyimlərə mənsub hər hansı ləvazimat.
12. Radioqəbuledicilərin və ötürücülərin bütün növləri, o cümlədən peydcer, mobil telefonlar, kompüter, yazı makinaları, surətçıxaran və çoxaldıcı aparatlar.
13. Rənglər və surətçıxarma kağızları.
14. Şüşə qablarda olan içkilər və konservlər.
15. Bütün növ elektrik və mexaniki cihazlar.
16. Bütün növ sənədlər (xidməti vəzifələrinin icrası ilə əlaqədar olan sənədlər istisna olmaqla).
HƏBS YERLƏRİNİN DAXİLİ İNTİZAM QAYDALARI
Həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların
S İ Y A H I S I
1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
4. Güclü təsir edən dərman vasitələri.
5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.
6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular).
7. Radioqəbuledici və ötürücülərin bütün növləri, optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular.
8. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, milli, dini və irqi ədavəti qızışdıran, habelə pornoqrafiya xarakterli nəşrlər, audio-video daşıyıcıları. |