Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub.
2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.
2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
2023-cü il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
2023-cü ildə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə 02.02.2024-cü il tarixdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.