ƏDLİYYƏ KOMANDASI MÖHTƏŞƏM QƏLƏBƏYƏ İMZA ATDI
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş mini-futbol turnirinin final oyunu keçirilib.
Həlledici mərhələdə Fövqəladə Hallar Nazirliyinin komandası ilə qarşılaşan Ədliyyə Nazirliyinin komandası gərgin keçən mübarizədə rəqibinə 2-1 hesabı ilə qalib gələrək birinci yerin sahibi olub.
Dövlət qurumları, şirkətlər və müxtəlif təşkilatların 52 komandasının mübarizə apardığı yarışda həmkarlarımızın qələbəsi AFFA və Mini Futbol Federasiyası tərəfindən yüksək qiymətləndirilib və azarkeşlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
Fəxri kürsünün birinci pilləsində qərarlaşan komandamıza medallar və Çempionluq kuboku təqdim olunub. O cümlədən, komandamızın oyunçusu Ələddin Cəlalov "ən yaxşı qapıçı", Anar İsgəndərov isə "ən yaxşı oyunçu" nominasiyalarında mükafatlara layiq görülüblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfsində qazanılan bu qələbə münasibətilə Ədliyyə Nazirliyinin komandasının üzvlərini bir daha təbrik edir, daima bu cür yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.