• 25.05.2024

ƏDLİYYƏ İŞÇİLƏRİ İDMAN ARENASINDA DA AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDİR

Ədliyyə naziri Fərid Əhmədovun göstərişinə əsasən müxtəlif beynəlxalq idman turnirlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup əməkdaş ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul olunub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları, şirkət və təşkilatların 52 komandasının mübarizə apardığı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində birinci yer tutmuş “Ədliyyə” komandasının üzvləri, eləcə də Türkiyənin İstanbul şəhərində keçirilmiş kikboksinq üzrə dünya kubokunda 94 kiloqram çəki dərəcəsində müxtəlif döyüş versiyalarında 1 qızıl və 1 gümüş medal qazanmış ədliyyə kapitanı Musa Abdullayev və İtaliyanın Peruca şəhərində təşkil olunmuş idmanın kunq-fu növü üzrə dünya çempionatında 70 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış  ədliyyə kiçik giziri İsrafil Şabanov qəbulda iştirak edib.

Ədliyyə naziri Fərid Əhmədovun təbrikini əməkdaşlara çatdıran nazir müavini əldə olunan nailiyyətlərin qürur hissi ilə qarşılandığını və bu cür uğurların ədliyyə işçisi adını yüksəltdiyini vurğulayıb. O, nəticələrin yüksək qiymətləndirildiyini qeyd edərək, əməkdaşlara gələcək xidmətlərində və idman karyeralarında uğurlar arzulayıb.

Sonda mükafatlandırma ilə bağlı nazir Fərid Əhmədov tərəfindən imzalanmış əmr oxunub, qaliblərə qiymətli hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.