6 AYIN YEKUNLARINA DAİR ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB
İyul ayının 12-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2024-cü ilin 6 ayı ərzində xidmətin fəaliyyətinin yekunlarına və növbədənkənar parlament seçkilərinə hazırlığa dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində müəssisələrdə infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib.
Xidmət rəisi qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində Penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir. Ötən dövr ərzində Ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin Baş idarəsinə və penitensiar müəssisələrə baş çəkərək, fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi ilə bağlı tapşırıq və göstərişlərini verib.
Müşavirədə vurğulanıb ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də növbədənkənar parlament seçkilərində penitensiar müəssisələrdə cəza çəkən məhkumların səsvermə hüququnun tam təmin edilməsidir.
Daha sonra Penitensiar xidmətin rəis müavini Oqtay Məmmədov cari ilin ilk 6 ayı ərzində fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, Prezident İlham Əliyev yanvarın 16-da Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksdə yaradılan şəraitlə tanış olub. Həmçinin, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 may 2024-cü il tarixli Sərəncamının icrası tam təmin edilib. Məruzədə vurğulanıb ki, qarşıda duran vəzifələr yerinə yetirilib, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər üzərində nəzarətin gücləndirilməsi və profilaktik işin daha səmərəli təşkili nəticəsində cinayətlərin, rejim pozuntularının sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələrə nail olunub.
Müşavirədə tabe qurumların rəhbərlərinin çıxışları dinlənilib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini Xidmətin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsinə, nöqsan və çatızmazlıqların aradan qaldırılmasına dair mühüm tapşırıqlarını verib.